BAKI, 22 may. TELEQRAF
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ev sahibliyi modeli və postmünaqişə dövründə yenidənqurma təcrübəsi qlobal şəhər müzakirələrinə dəyərli töhfə kimi tanındı.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 milli koordinatoru Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, Təhlükəsiz Qayıdış üçün Ağıllı, Dayanıqlı Məskunlaşmalar Paketi (Smart, Sustainable Settlements for Safe Return - 4SRP) praktiki bərpa çərçivəsi kimi güclü dəstək qazandı:
“Növbəti onilliyin əsas prioritetinin icra, hesabatlılıq və insanların həyatında real dəyişikliklər olması vurğulandı. Dayanıqlı şəhər gələcəyi həmrəylik, əməkdaşlıq və ortaq məsuliyyət tələb edir. Bakıdan verilən mesaj aydın idi: artıq təkcə ambisiya dövrü geridə qalıb, növbəti onillik nəticələrlə müəyyən olunmalıdır – mənzil, dayanıqlı icmalar və hər kəs üçün dayanıqlı şəhər gələcəyi ilə istiqamətlənən nəticələrlə.
WUF13 proqramının miqyası və müxtəlifliyi urbanizasiyanın qlobal əhəmiyyətinin artdığını aydın şəkildə əks etdirdi. Forum çərçivəsində dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, assambleyalar və tərəfdaşların təşkil etdiyi tədbirlər daxil olmaqla 400-dən çox tədbir keçirildi. Əsas sessiyalarda 125 ölkədən 400 natiq iştirak etdi. Forumun əsl gücü onun inklüzivliyindədir. WUF şəhərlərin və icmaların gələcəyinin formalaşdırılmasında cəmiyyətin müxtəlif qruplarını bərabər tərəfdaşlar kimi bir araya gətirir. Bu baxımdan, WUF13 geniş şəkildə maraqlı tərəflərin rəhbərlik etdiyi forum oldu və WUF prosesinin inklüziv və iştirakçı xarakterini tam əks etdirdi”.