BAKI, 22 may. TELEQRAF

Bakıda keçirilən WUF13 iştirakçı sayı və coğrafi miqyası baxımından tarixi göstəricilərə imza atıb.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində deyib.

O bildirib ki, Bakıda möhtəşəm bir qlobal birliyə şahidlik edilib.

"Forumda 176 ölkədən gələn rəsmi nümayəndələr bir araya gəldi. 2 000-dən çox iştirakçı isə müzakirələrə onlayn formatda qoşuldu. Bakı platformasından dünyaya olduqca güclü və vahid bir mesaj ötürüldü", - o vurğulayıb.

Qeyd edək ki, A.Rossbax çıxışının əvvəlində tədbirdə iştirak edən yüksək statuslu qonaqları, o cümlədən BMT Baş katibinin müavini Əminə Məhəmmədi, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovu, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi, həmçinin Prezidentin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndələrini və yerli idarəetmə orqanlarının rəhbərlərini salamlayıb.