BAKI, 25 oktyabr. TELEQRAF
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı ölkəmiz üçün böyük uğurdur və qısa müddətdə belə miqyaslı infrastrukturun yaradılması möcüzə kimi görünür.
Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov turnirlə bağlı Teleqraf-a açıqlamasında deyib.
O, yarışın yüksək səviyyədə təşkil olunduğunu və yığmamızın uğurlu çıxış etdiyini vurğulayıb:
"Artıq iki gündür başlayan turnir çox yaxşı şəraitdə keçirilir. Ab-hava möhtəşəmdir. Açılış mərasimi də çox gözəl oldu, Prezident də tədbirdə iştirak etdi. Meydanda fərqli ölkələrin və qitələrin oyun üslublarını görürük. Millimizin artıq iki oyunu olub və hər ikisində qələbə qazanmışıq. Bu, maksimum nəticədir. Amma hiss olunur ki, futbolçularda hələ də müəyyən həyəcan var. Düşünürəm ki, dünya çempionatının yaratdığı həyəcanı oyundan-oyuna geridə qoyacaqlar. İnanırıq ki, növbəti görüşlərdə də uğur qazanacağıq. Bu, ölkəmiz adına böyük uğurdur. Müxtəlif ölkələrdən komandalar gəlib, ölkəmizlə tanış olurlar. Biz də onların futbol fəlsəfələrini görürük. Afrika ölkələri, Braziliya – müxtəlif futbol mədəniyyətləri burada təmsil olunur. Ona görə də turnir möhtəşəmdir".
Sabiq baş məşqçi yaradılan infrastruktura da xüsusi toxunub:
"Bu turnir ölkəmiz üçün böyük qazancdır. Cəmi 66 gün ərzində bu cür infrastrukturun yaradılması möcüzə kimi görünə bilər. Burada əməyi olan AFFA-ya, SOCAR-a və zəhmət çəkən hər kəsə alqış düşür. Düşünürəm ki, bundan Azərbaycan futbolu da bəhrələnəcək".
Xatırladaq ki, dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmilərin qatıldığı U-15 Dünya Çempionatı və Festivalında 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.