BAKI, 25 oktyabr. TELEQRAF

“Azərbaycanda təşkil olunan U-15 dünya çempionatı və festivalı uşaq futbolumuzun inkişafına təkan verəcək”.

Bu sözləri Azərbaycan millisinin keçmiş futbolçusu və məşqçisi Mahmud Qurbanov turnirlə bağlı Teleqraf-a açıqlamasında deyib..

O, turnirin əhəmiyyətindən danışıb, millimizin çıxışını və yaradılan infrastrukturu dəyərləndirib.

Qurbanov bildirib ki, yarışın Azərbaycanda keçirilməsi müxtəlif ölkələrin futbol ənənələri ilə tanış olmaq baxımından da əhəmiyyətlidir:

“Bu turnirin Azərbaycanda keçirilməsi ilk növbədə ona görə yaxşıdır ki, müxtəlif ölkələrin futbol adət-ənənələri ilə tanış oluruq. Komandalar gəlib burada çıxış edir, oynayırlar. Düşünürəm ki, bu, uşaq futbolumuzun inkişafına təkan verəcək və onun inkişafına kömək edəcək.

Millimizin çıxışını yaxşı qiymətləndirirəm. İki qələbə qazanıblar, hələlik hər şey yaxşıdır. Nəticə və oyun baxımından da çıxışı müsbət dəyərləndirərdim”.

Keçmiş futbolçu turnir üçün yaradılan infrastrukturu da yüksək qiymətləndirib:

“Doğrudan da, əla meydançalar salınıb. Birdən-birə 10 meydançanın yaradılması çox yaxşıdır. Bizim heç bir bölgəmizdə bu qədər meydança yox idi. Əlbəttə, bunlar dünya çempionatına görə salınıb, amma belə infrastrukturun olması çox yaxşıdır. Düşünürəm ki, bu, futbol oynamaq üçün ən yaxşı şəraitdir”.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında 2 görüşə çıxıb. İlk oyunda Şərqi Timor yığmasını 6:0 hesabı ilə darmadağın edən millimiz, növbəti qarşılaşmada Andoranı 1:0 hesabı ilə məğlub edib.