BAKI, 25 oktyabr. TELEQRAF
Britaniya və Fransanın 2,5 mindən çox hərbçisi Almaniyada keçirilən “Rhino Titan” təlimlərində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən “Rapporteur” nəşri məlumat yayıb.
Almaniyanın Zennelaqer təlim mərkəzində yeddi həftə davam edən təlimlərdə Britaniyanın 16-cı Hava-Hücum Briqadası iştirak edib. Ölkənin qlobal operativ reaksiya qüvvələrinə daxil olan briqadanın əməliyyatlarına Almaniya logistika dəstəyi göstərib.
Briqada komandiri Ed Kartvayt bildirib ki, hərbçilərin qarşısına NATO ərazisini müdafiə etmək və müasir döyüş meydanında istifadə olunan dronlara, eləcə də radioelektron mübarizə vasitələrinə qarşı mübarizə aparmaq vəzifəsi qoyulub.
Təlimlər zamanı təxminən 600 desantçı Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus dörd A400M “Atlas” nəqliyyat təyyarəsindən bir neçə dalğa şəklində əraziyə endirilib. Hərbçilərlə yanaşı, avadanlıq və ehtiyatlar da daşınıb.
Təlimlərdə Britaniyanın Paraşüt Alayının 3-cü batalyonu və Fransanın Dəniz Piyadaları Paraşüt Alayının 3-cü alayına məxsus bir bölük də iştirak edib. Üç “Chinook” helikopteri əməliyyata dəstək verib, o cümlədən tibbi qəbul məntəqəsinin daşınmasını təmin edib.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, XXI əsrdə üzləşilən təhdidlər müharibəyə müasir yanaşma tələb edir. Onun sözlərinə görə, Fransa və Almaniya ilə birgə keçirilən təlimlər NATO ərazisinin müdafiəsi üçün böyük hava-desant qüvvələrinin qısa müddətdə lazımi yerə yerləşdirilə biləcəyini nümayiş etdirib.