BAKI, 25 oktyabr. TELEQRAF
Fransanın cənub-şərqində yerləşən Jarri kommunasındakı "Framatome" zavoduna daxil olan naməlum şəxslər aerokosmik və nüvə sənayesində istifadə edilən böyük partiya hafnium metalını oğurlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Ici" radiosu məlumat yayıb.
Oğurlanan metalın dəyərinin bir neçə milyon avro olduğu bildirilir.
Hadisə oktyabrın 22-nə keçən gecə baş verib. Sutkalıq rejimdə işləyən zavodun gecə növbəsi əməkdaşı təsadüfən cinayətkarlarla qarşılaşaraq mühafizə məntəqəsində gizlənib. Lakin polis əraziyə çatanadək soyğunçular bir neçə yüz kiloqram hafniumu götürərək aradan çıxa biliblər. İstintaqın məlumatına görə, zavodun daxili quruluşuna yaxşı bələd olan şəxslər cəmi bir neçə dəqiqəyə hədəflədikləri zonaya daxil olublar.
Oğurluqdan sonra həmkarlar ittifaqlarının nümayəndələri müəssisə rəhbərliyi ilə görüşərək təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsini və mühafizə sistemi normallaşanadək gecə növbələrinin ləğv edilməsini tələb ediblər.
Məlumata görə, oxşar oğurluq halları daha əvvəl də qeydə alınıb. Avqust ayında "Framatome"un Jarridəki şöbə rəislərindən birinin evində 500 min avro nağd pul və 150 kiloqram hafnium aşkar edildikdən sonra o, həbs olunub.