BAKI, 25 oktyabr. TELEQRAF
2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qubadlı şəhərini 27 illik işğaldan azad etməsi 44 günlük Vətən müharibəsinin həlledici mərhələlərindən biri olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru mühüm tarixi addım kimi tarixə düşüb.
Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr gününün Qubadlı şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirir:
"Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və kənd təsərrüfatı potensialı ilə seçilir. Sahəsi 802 kvadratkilometr olan rayon Həkəri və Bərgüşad çaylarının vadilərini, məhsuldar düzənlikləri və geniş meşə sahələrini əhatə edir. İşğaldan əvvəl əkinçilik və heyvandarlıq rayonun iqtisadiyyatının əsasını təşkil edirdi. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Qubadlının inkişafına ağır zərbə vurdu. 1993-cü il avqustun 31-də rayon işğal edildi, təxminən 30 min sakin doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur və mədəni irs ciddi dağıntılara məruz qaldı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı ərazilərin azadlığı uğrunda uğurlu əməliyyatlar həyata keçirdi. Qubadlı istiqamətində döyüşlər mürəkkəb şəraitdə aparılır, şəhər ətrafındakı yüksəkliklərdə möhkəmlənmiş düşmən qüvvələri ciddi müqavimət göstərirdi. Ordumuzun qətiyyətli və peşəkar fəaliyyəti nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlı qələbəsinin əhəmiyyəti şəhərin azad olunması ilə məhdudlaşmırdı. Bu uğur Laçın istiqamətində irəliləyiş üçün əlverişli şərait yaratdı, düşmənin hərbi imkanlarına təzyiqi artırdı və Şuşa istiqamətində əməliyyatların davam etdirilməsinə strateji zəmin formalaşdırdı. Qubadlının azad edilməsi Vətən müharibəsinin sonrakı gedişinə təsir göstərən mühüm hərbi nailiyyətlərdən biri oldu. Şəhərdə Azərbaycan Bayrağının yenidən dalğalanması xalqımızın qələbə əzmini daha da gücləndirdi.
Qubadlı azad edildikdən sonra rayonun bərpası, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri və mühüm layihələrin icrasına göstərdiyi diqqət bölgənin kompleks inkişafına təkan verir. 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan Bayrağını ucaldan dövlət başçısı 2021-ci il oktyabrın 25-də şəhərə səfəri zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməlini qoydu, 'Qubadlı' yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bu addımlar bölgənin enerji təminatının, nəqliyyat bağlantılarının və təhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Deputat bildirib ki, 2023-cü il mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli qoyulub:
"Eyni zamanda, Xanlıq, Mahruzlu və Zilanlı kəndləriningenidən qurulmasına başlanılıb. Bu layihələr yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə və digər ictimai xidmətlərin müasir standartlara uyğun təşkilini nəzərdə tutur. Rayonun enerji infrastrukturunun inkişafı da bərpa prosesinin əsas istiqamətlərindəndir. 2021-ci ildə istifadəyə verilən 110/35/10 kilovoltluq 'Qubadlı' yarımstansiyası və 76 kilometr uzunluğunda çəkilən yüksək gərginlikli elektrik verilişi xətləri bölgənin ölkənin enerji sisteminə inteqrasiyasını gücləndirib. Fiberoptik kabel infrastrukturunun yaradılması isə sürətli internetə çıxış və rəqəmsal xidmətlərin inkişafı üçün imkanlar açır.
Nəqliyyat şəbəkəsinin yenilənməsi Qubadlının iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, əhalinin hərəkət imkanlarının genişləndirilməsinə və bölgənin iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir. Qubadlı-Laçın avtomobil yolu layihəsi də regionun nəqliyyat bağlantılarının inkişafına yönəlmiş tədbirlərin tərkib hissəsidir.
Qubadlı şəhərinin gələcək inkişafı məqsədilə strateji planlaşdırma sənədləri də qəbul edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda 'Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı'nı təsdiq edib. Sənəd yaşayış məhəllələrinin, sosial obyektlərin və mühəndis-kommunikasiya sistemlərinin planlı şəkildə qurulmasını, müasir şəhərsalma prinsiplərinin tətbiqini nəzərdə tutur. Həyata keçirilən layihələr sakinlərin təhlükəsiz və rahat yaşayış şəraitinin təmin olunmasına, məşğulluq imkanlarının genişləndirilməsinə və rayonun sosial-iqtisadi həyatının canlanmasına hesablanıb.
Qubadlının azad edilməsi ilə başlanan tarixi mərhələ bu gün quruculuq və Böyük Qayıdış prosesi ilə davam edir. Üçrəngli Azərbaycan Bayrağının Qubadlı səmasında dalğalanması dövlət suverenliyimizin, xalqımızın sarsılmaz iradəsinin və gələcəyə inamının təcəssümüdür. Qubadlının zəngin torpaq və su ehtiyatları, meşələri, əlverişli təbii şəraiti və təsərrüfat ənənələri gələcək inkişaf üçün geniş imkanlar yaradır. Bu potensialın səmərəli istifadəsi kənd təsərrüfatının və sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəlməsinə xidmət edəcək".