BAKI, 1 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) ölkələrinin 2026-cı ilin yay mövsümündən bəri yeraltı qaz anbarlarına vurduğu xalis qazın həcmi 13 milyard kubmetri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Məlumata görə, hazırda Avropadakı yeraltı qaz anbarları 40 faizdən çox doludur. Ötən ilin eyni dövründə bu göstərici 48 faiz təşkil edirdi. Hazırda anbarlarda 43,9 milyard kubmetr qaz ehtiyatı mövcuddur.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan müddətdə qaz anbarlarının ən azı 90 faiz doluluğunu təmin etməlidir. Çətin şərtlər yarandığı təqdirdə isə 10 faizlik çeviklik mexanizminin tətbiqinə icazə verilir.

Bu səbəbdən 2026–2027-ci illərin payız-qış mövsümünə qədər Avropanın yeraltı qaz anbarlarına xalis qaz vurulmasının ən azı 68 milyard kubmetr olması tələb olunur. Ötən il isə Avropa bu istiqamətdə yalnız təxminən 55 milyard kubmetrlik göstəriciyə nail olmuşdu.

Mütəxəssislərin fikrincə, Yaxın Şərqdə davam edən münaqişə səbəbindən cari yay mövsümündə yanacaq qiymətlərinin daha yüksək səviyyədə qalacağı gözlənilir.

Avropa aprelin əvvəlində istilik mövsümünü yekunlaşdırıb. Bu mövsüm 173 gün davam etməklə, 2011-ci ildən bəri müşahidə edilən ikinci ən uzun istilik mövsümü olub. Rekord göstərici isə 2020–2021-ci illər mövsümünə məxsusdur və həmin dövrdə istilik mövsümü 190 gün davam edib.

Ötən istilik mövsümündə yeraltı qaz anbarlarından 61 milyard kubmetrdən çox qaz çıxarılıb. Bu, əvvəlki yay mövsümündə anbarlara vurulan qazın həcmindən 6,5 milyard kubmetr çoxdur.