BAKI, 23 oktyabr. TELEQRAF
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə “xüsusi miqrasiya nəzarəti tədbirləri” keçiriblər.
Teleqraf xəbər verir ki, kompleks tədbirlər nəticəsində Gürcüstanda “qanunsuz yaşayan” 48 xarici ölkə vətəndaşı saxlanılıb.
Onların arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları var.
“Xüsusi miqrasiya nəzarəti çərçivəsində Miqrasiya İdarəsinin əməkdaşları müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparıblar. Yoxlamalar nəticəsində saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanununda müəyyən edilmiş tələbləri pozaraq ölkədə olduqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Onların Gürcüstandan çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir”, - Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.