BAKI, 23 oktyabr. TELEQRAF

1981–1987-ci illərdə inşa edilən yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar müddətində qrunt suları və torpaq eroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.

Teleqraf xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirinin qarşısını almaq üçün 1,5–2 metr dərinlikdə məhlulvurma işləri aparılıb:

“Yan və orta divarlar pilləli şəkildə sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub.

Tunelin daxili infrastrukturu tamamilə yenilənib. Yaxın günlərdə istifadəsi nəzərdə tutulub”.