BAKI, 15 sentyabr. TELEQRAF
“Yaxşı şagird olmaqla yanaşı yaxşı insan olmaq üçün də çalışmaq əsas vəzifələrdən biridir".
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə çıxışında deyib.
Nazir təhsilalanları, müəllimləri Bilik Günü münasibətilə təbrik edib.
O qeyd edib ki, bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur:
"İnanıram ki, yeni tədris ili Azərbaycan məktəbi və ölkəmiz üçün faydalı olacaq. Qarşıda dayanan məqsədlərə doğru bir addım daha atmış olacağıq.
21 nömrəli tam orta məktəbdə birinci sinfə qəbul olunan uşaqların 90 faizdən çoxu məktəbəhazırlıqdan gəlib. Xüsusilə şəhər yerlərində, bu məsələ demək olar, 100 faizə yaxın həll olunub. Məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişlənməsi mühüm göstəricidir. Şəhər məktəblərində bu məsələ yüz faizə yaxın həll olunub. Bu da çox vacib göstəricidir ki, məktəbə gələn uşaqların böyük əksəriyyəti heç olmasa bir il məktəbəhazırlıqdan gəlir".