BAKI, 14 sentyabr. TELEQRAF

Haqq dini olan İslamı insanlara olduğu kimi təbliğ etmək yönündə böyük səylər göstərmiş Seyid Yəhya Bakuvinin mötədil təsəvvüf fəlsəfəsi, əsasən, mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik prinsiplərinə əsaslanır.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakuviyə həsr oiunmuş Beynəlxalq Konfransda deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Bakuvinin fəlsəfi irsi YUNESKO səviyyəsində qeyd olunub, qlobal əhəmiyyət qazanıb.

"Zəmanəmizdə olduqca böyük ehtiyac duyulan mötədil dəyərlərin mükəmməl qaynaqlarından olan Bakuvi irsinin tədqiqi və təşviqi, heç şübhəsiz ki, ümumbəşəri və ümumislami dəyər kəsb edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, multikultural irsinə ali dövlət qayğısının əsasında xalqımızın Ulu öndəri Heydər Əliyevin müdrik dövlətçilik, azərbaycançılıq fəlsəfəsi dayanır.

Bu xətt bu gün Azərbaycanda müzəffər dövlət başçımız Prezident İlham Əliyev cənabları tərəfindən böyük uğurla və vüsətlə davam və inkişaf etdirilir.

Azərbaycan sivilizasiyalar, mədəniyyətlər arası dialoq və əməkdaşlıq platformaları, mütəmadi qlobal forumları ilə dünyanın gündəmindədir", - o vurğulayıb.

QMİ sədrinin sözlərinə görə, müasir dünyada terrorizm, separatçılıq, radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən amillərin, ksenofobiya, islamofobiya təzahürlərinin, dindən sui-istifadə hallarının artdığı dönəmdə dini-mənəvi sabitliyə və məzhəblərarası anlaşmaya xidmət edən, İslamdaxili dialoq səciyyəli beynəlxalq tədbirlər olduqca aktual və zəruridir:

"İnsan qardaşlığı, bəşəri həmrəylik diyarı Azərbaycan dünyada ən çox ehtiyac duyulan Mötədil dəyərlər mərkəzi, aparıcı mənəvi-humanitar platforma kimi çıxış edir".