BAKI, 14 sentyabr. TELEQRAF
“Dərs yükünün şagirdlərin oxuyub-anlama bacarığına təsir etdiyini düşünmürəm”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında Teleqraf-ın sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, problemin əsas səbəbləri metodik məsələlərdir:
“Ola bilər dərs yükü çoxdur, azaldılmalıdır, bu, başqa mövzudur. Dərs yükü ilə oxu bacarıqları məsələsini bir-birinə bağlamaq düzgün deyil. Şagirdlərin dərs yükü çox olsa da, həmin yük düzgün paylanıbsa, bu, oxuyub-anlama bacarığına birbaşa təsir göstərmir”.
E.Əmrullayev qeyd edib ki, cəmiyyətə oxuyub-anlama probleminin səbəblərini izah edərkən əsas məsələlərdən biri müəllimlərin bu bacarığı tədris etmək imkanları ilə bağlıdır:
“İlk növbədə metodik məsələdir. Daha çox saat sərf etməliyik. Məzmun baxımından buna az yer veririk. 2017-ci ildə imtahanlarda edilən dəyişikliklər nəticələrin yaxşılaşmasına təsir edib”.
Nazir əlavə edib ki, dil qaydalarındansa, oxuyub-anlamaya daha çox fikir verməliyik.