BAKI, 15 sentyabr. TELEQRAF

Bu gün Azərbaycanda Bilik Günüdür.

Teleqraf xəbər verir ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.

2026–2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir.

Bu il yeni tədris ilinə 124 mindən çox uşağın I sinfə qəbulu rəsmiləşib.

Bu göstərici 2025-ci ildə qeydə alınan 131 815 nəfərlə müqayisədə təxminən 6% azdır.

Son illərdə (2020–2026-cı illər ərzində) birinci sinfə qəbul olunan uşaqların sayında ümumilikdə təxminən 25% azalma müşahidə olunub.