
GƏNCƏ, 12 mart. TELEQRAF
Gəncə şəhərində çoxmərtəbəli binalarda yaşayan sakinləri narahat edən əsas məsələlərdən biri lift xidmətlərinin vəziyyətidir. Sovet dövründən qalan köhnə liftlərin bir qismi yeniləri ilə əvəzlənmiş olsa da, göstərilən xidmət keyfiyyəti və bu yöndəki idarəçilikdə problemlər əhali arasında ciddi narazılığa səbəb olur.
Xüsusilə də şəhərin "Yeni Gəncə" yaşayış massivində yerləşən 9 mərtəbəli 21 saylı binanın 1 və 2-ci bloklarında yaşayan sakinlər çətin vəziyyətdə qalıblar. Artıq bir müddətdir ki, liftlərin fəaliyyəti dayandırılıb. Sakinlərə verilən məlumata əsasən, onların 2019-cu ildən yığılıb qalmış borcları ödənilmədiyi üçün liftlər işləmir.
“Biz bu illər ərzində liftin pulunu cibimizdən ödəyirdik. Nasazlıq olanda özümüz düzəltdirmişik. Hətta elə hallar olub ki, idarədən kimsə gəlib, ona 15-20 manat verib, xahişlə məsələni həll etmişik,” - deyə şəhər sakini Saləddin Bayramov söyləyib.
Sözügedən binanın iki blokunda 70-dən artıq ailə yaşayır. Onların sözlərinə görə, hazırda liftlərdən istifadə edə bilmədikləri halda, illər öncə vəfat etmiş şəxslərin belə adına borc yazılması absurddur.
"Vaxtilə burada Zahir adlı JEK müdiri işləyirdi. Bildirmişdilər ki, xidmət haqqını onun kart hesabına köçürək. Biz də dediklərini etdik. İndi isə deyirlər ki, Zahir artıq işdən çıxarılıb və o dövrdə ödədiyimiz məbləğlər hesablanmayacaq. Digər tərəfdən, Elxan Orucov və Rəqsanə Vəliyeva adlı qonşularımız illər əvvəl vəfat ediblər. İndi onların belə adına borc yazıblar”, - digər bir sakin belə qeyd edib.
Məsələ ilə bağlı Gəncə Lift İdarəsindən Teleqraf-ın yerli bürosuna verilən açıqlamada bildirilib ki, problemə bina sakinlərinin ödəniş etməməsi səbəb olub. Qurumun məlumatına görə, "Yeni Gəncə" yaşayış massivindəki 21 saylı binanın 1 və 2-ci bloklarında yaşayan sakinlərin Gəncə Lift Servis MMC-yə ümumilikdə 1000 manatdan çox borcu var.
“Hazırda həmin liftlərin yenidən işləməsi üçün təmir işləri aparılmalıdır. Lakin bu təmir yalnız sakinlərin ödədiyi xidmət haqqına əsasən həyata keçirilir. Borclu sakinlər ödəniş etmədiyi müddətcə liftin fəaliyyəti də bərpa edilə bilməz”, - deyə qurumun açıqlamasında qeyd olunub.
Qurum eyni zamanda vəfat etmiş şəxslərin adına yazılan borclar məsələsinə də aydınlıq gətirib: “Mövcud qanunvericiliyə əsasən, əgər vəfat etmiş şəxsin adı sistemdə qalırsa, onun çıxarılması üçün müvafiq sənəd təqdim edilməlidir. Lakin indiyə qədər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə belə bir sənəd təqdim olunmayıb. Bu səbəbdən də, həmin şəxslərin adları sistemdə qalmaqda davam edir”.
Bütün bu yaşananlar isə bir daha onu göstərir ki, kommunal xidmətlərin idarə olunmasında şəffaflıq və vətəndaşla dialoq hələ də istənilən səviyyədə deyil. Sakinlər ödədikləri pulların hara getdiyini, hansı əsasla borcun hesablandığını aydın şəkildə bilməli, aidiyyəti qurumlar isə insanların etimadını sual altına salan bu cür halların qarşısını vaxtında almalıdır.