
BAKI, 12 mart. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı Kaspar Veldkampla keçirdiyi birgə mətbuat konfransında Rusiyanın ölkəsinə təzyiqi ilə bağlı suala cavab verib.
Teleqraf xəbər verir ki, ondan Rusiya-Ukrayna müharibəsinin Azərbaycanla sülh prosesinə necə təsir etdiyi və İrəvanın Moskvadan təzyiq hiss edib-etmədiyi soruşulub.
Mirzoyan suala belə cavab verib: “Avrasiyanın heç bir dövləti Ukrayna ətrafında baş verən hadisələrin ona təsir etmədiyini deyə bilməz, buna görə də müharibəni bitirmək üçün ciddi səylər göstərilir”.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyət də əsasən Ukrayna ilə bağlı durumdan asılı ola bilər: “Çünki dünyada hər şey bir-birinə bağlıdır, heç kim vakuumda deyil. Amma Cənubi Qafqazda Ukrayna ilə əlaqəsi olmadan da yarana biləcək əlavə imkanlar var”.
Mirzoyan bildirib ki, İrəvan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa və düşmənçilik səhifəsini bağlamağa hazırdır.
Həmçinin o əlavə edib ki, bir sənədlə hər şeyi həll etmək olmaz: “Amma bu, ikitərəfli şəkildə davam edə biləcək prosesin başlanğıcı ola bilər”.
Mirzoyan söyləyib ki, Ermənistan Türkiyə ilə də danışıqlarda müsbət nəticə əldə etməyə, diplomatik münasibətlər qurmağa, sərhədləri açmağa hazırdır.