BAKI, 12 mart. TELEQRAF

"Azərbaycanda gender, ailə-nikah münasibətləri və cəmiyyətin özəyi kimi ailə bəzən neqativ təsirlərə məruz qalır".

Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu təsirlərlə yanaşı, hüquqi savadsızlıq, ailələrə kənar müdaxilələrin olması və bir sıra digər amillər ailə institutuna ciddi zərbə vurur:

"Bu da nəticədə ailələrin dağılmasına səbəb olur. Müasir cəmiyyətin inkişaf göstəricilərindən biri də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminidir. Konstitusiyanın 25-ci maddəsində kişilərlə qadınların bərabər hüquqlara malik olduğu təsbit olunmuşdur. Bu müddəa qadınların siyasi, iqtisadi və sosial sahələrdə bərabər iştirakına zəmanət verir. Dövlət bu istiqamətdə qanunvericilik bazasını təkmilləşdirərək, qadınların hüquqlarının qorunması və onların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün əlverişli şərait yaradır. Azərbaycan Respublikasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbulu bu sahədə mühüm addımlardan biridir".

Sədr bildirib ki, Vəkillər Kollegiyası da vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi gender bərabərliyi sahəsində müəyyən işlər görür:

"Belə ki, 2017-ci ildə vəkil korpusunda xanım vəkillərin sayı 15% təşkil etdiyi təqdirdə, hazırda bu rəqəm 20%-ə yaxındır. Qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb".