
BAKI, 12 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan onu sabiq prezident Serj Sərkisyanın hakimiyyətə gətirdiyi iddialarından yaxa qurtarmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Lurer” yazır.
“Bir qanadın digərini Nikol Paşinyanı hakimiyyətə gətirməkdə ittiham etdiyi müxalifət meydanındakı mürəkkəb durum fonunda baş nazir qərara gəlib ki, onu “respublikaçılar”ın (Sərkisyan və tərəfdarları) hakimiyyətə gətirmədiyini göstərməlidir. Bu gün mətbuatda Yerablur hərbi panteonuna bitişik torpaqların qanunsuz olaraq mənimsənilməsi ilə bağlı başlanan cinayət işində Serj Sərkisyana qarşı yeni ittihamların irəli sürüldüyü xəbəri yayılıb. İqtidar bu yolla (Sərkisyanın) Respublika Partiyasının onu hakimiyyətə gətirdiyi ittihamlarından qurtulmaq istəyir”, - erməni nəşri bildirir.
Xatırladaq ki, Nikol Paşinyan 2018-ci ilin aprelində Serj Sərkisyanı devirərək hakimiyyətə gəlib. Keçmiş prezident Robert Köçəryanın təmsil etdiyi qüvvələrin fikrincə, Sərkisyan o zaman Paşinyana qəsdən yol açıb və baş verənlər razılaşma əsasında olub. Son günlərdə bu yöndə Sərkisyan və Paşinyana qarşı ittihamların sayı artıb. Köçəryan tərəfdarlarının iddiaları Sərkisyan düşərgəsi tərəfindən sərt təpkilərlə qarşılanıb və sabiq prezidentlər arasında gərginlik yaradıb.