BAKI, 11 mart. TELEQRAF

İmsakda qida qəbul etməmək orqanizmə bir sıra mənfi təsirlər göstərə bilər.

Bunu Teleqraf-a açıqlamasında Tibb Universiteti Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli deyib.

Onun sözlərinə görə, imsak yeməyi gün boyu bədənə enerji vermək, aclığı gecikdirmək və maddələr mübadiləsini qorumaq üçün vacibdir.

“İmsakdan imtina etməyin mənfi təsirləri sonuncu qida qəbulundan etibarən aclıq müddətinin uzanmasıdır. Bu isə qan şəkərinin düşməsinə, yorğunluğa və halsızlığa səbəb olur. Xüsusilə çox fiziki və ya zehni aktivlik tələb edən işlərdə çalışan insanlar üçün diqqəti azalda bilər. Uzun müddət ac qalmaq maddələr mübadiləsini yavaşladır. Qida qəbul edilmədikdə bədən enerji üçün əzələ toxumasını parçalamağa başlayır. Xüsusilə yetərli protein almadıqda əzələ itkisi sürətlənir. Vitamin və mineralların kifayət qədər qəbul edilməməsi zəiflik, baş gicəllənməsi, diqqət dağınıqlığı və immun sisteminin zəifləməsi kimi problemlərə səbəb olur. İmsakda maye qəbul edilmədikdə gün ərzində dehidrasiya -yəni bədənin susuz qalması riski artır. Bu isə susuzluğa, baş ağrısına, diqqət dağınıqlığına və qan təzyiqinin düşməsinə səbəb ola bilər”.

O həmçinin əlavə edib ki, imsak etmədən oruc tutmaq mümkündür, lakin bu, həzm sisteminə, enerji səviyyəsinə və ümumi sağlamlığa mənfi təsir edə bilər:

“Bunun nəticəsi müəyyən vaxt keçdikdən sonra həmin insanın səhhətində hər hansı bir pozğunluğun yaranması ilə özünü büruzə verər. Ona görə də imsak zamanı yüngül də olsa qida qəbul etmək məsləhətdir. Əgər bir şəxs imsak yeməyi yeyə bilmirsə, ən azından – susuzluğun qarşısını almaq üçün su içməsi vacibdir. Yüngül, amma doyumlu qidalar – ən azından bir neçə qoz, badam, xurma qəbul etmək orqanizmi gücləndirə bilər”.