
BAKI, 12 mart. TELEQRAF
"Doğulan uşaqların 15 faizi nikahdan kənardır".
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisdə "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, son illər talassemiya ilə doğulan uşaqların sayında artım var:
"Talassemiya ilə doğulan uşaqların sayında 86 faiz artım var. Bu da qohum evliliyi ilə bağlıdır. 3 və daha çox uşağı olan ailələrin sayı azalır. Ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox övladı olmalıdır. Gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik. Cins nisbətində də ciddi probem var. Abortların sayı da durmadan artır. Alimetlərin ödənməsi ilə bağlı problemlər mövcuddur. Qanunvericiliyi nə qədər sərtləşdirsək də, aliment fondunun yaradılması vacibdir. Boşanmaların sayına gəlincə, bunun təşəbbüskarlarının 70 faizi qadınlardır. Onlar bildirirlər ki, buna səbəb xarakter uyğunsuzluğudur. Bununla bağlı yeni paketlər hazırlanıb və Milli Məclisə təqdim olunacaq. Həmçinin qızqaçırtma halları da artıb".
Komitə rəsmisi onu da əlavə edib ki, qəsdən adamöldürmə faktlarının 50 faizi, sağlamlığa zərərvurma faktlarının beşdə biri ailə-məişət problemləri zəminində baş verir.