
BAKI, 12 mart. TELEQRAF
"Azərbaycanın strateji mövqeyi və təbii resursları onu qlobal enerji siyasətində vacib oyunçulardan birinə çevirir".
Teleqraf xəbər verir ki, bunu Fortescue Ltd. şirkətinin Direktorlar Şurasının üzvü, Ekson Mobil Şirkətinin sabiq vitse-prezidenti və İnsan Alverinə Qarşı Qlobal Kampaniyanın rəhbəri Cin Baderşnayder bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft və təbii qaz ehtiyatları ölkənin strateji əhəmiyyətini artırsa da, enerji resursları bununla məhdudlaşmır.
“Buraya, həmçinin tükənməyən, yenilənə bilən enerji növləri də daxildir. Dəyişən dünyada iqlim böhranı kimi problemlərlə mübarizə aparmaq üçün qlobal birlik mütləqdir. Bu problem öz ekzistensial xarakteri ilə seçilir. Bu baxımdan COP29-un əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu beynəlxalq konfransda olduqca vacib öhdəliklər götürüldü və bütün bunlar Azərbaycanın vasitəçiliyi ilə mümkün oldu", - direktor diqqətə çatdırıb.