
BAKI, 12 mart. TELEQRAF
“Qadınların həyatındakı hamiləlik dövrü olduqca mürəkkəbdir. Bu zaman dölün inkişafına və ananın orqanizminə zərər verə biləcək bütün qidalardan uzaq durmaq lazımdır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloq Turan Kərimova açıqlayıb.
Onun sözlərinə görə, bu müddət ərzində dölün normal inkişafına müsbət təsir edən, rahat həzm olunan, qida və enerji dəyəri yüksək, zülallar, minerallar, vitaminlərlə zəngin qidalar qəbul edilməlidir:
“Paralel olaraq, kənardan ginekoloqun tövsiyəsi ilə müəyyən vitaminlərin, mineralların qəbulu da məsləhətdir. Dölə və anaya daha faydalı olan qidalar balıq, az yağlı ət, giləmeyvələr, paxlalı bitkilər, yumurta, süd və süd məhsulları, tərəvəzlərdir. Təbii ki, bütün sadaladıqlarım mövsümə uyğun olmalıdır. Hamiləlik dövründəki rasionda aşağıdakı vitamin və mineralların daxil olması vacibdir. Kalsium körpənizin dişləri və sümüklərinin formalaşması üçün vacibdir. Qatıq, süd, pendir və tünd yaşıl yarpaqlı tərəvəzlər bu baxımdan əla mənbələr hesab edilir. Dəmir qırmızı qan hüceyrələrinin böyüməkdə olan körpənizi oksigenlə təmin etməsinə kömək edir. O, yağsız qırmızı ət, quş əti, noxud və lobyanın tərkibində mövcuddur. Yod mənbələrinə süd məhsulları, dəniz məhsulları, ət və yumurta daxildir. Xolin dölünüzün beyin və onurğa sütununun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və süd, yumurta, fıstıq və soya məhsulları bu baxımdan yaxşı seçimdir. Qidalanma zamanı taxıl porsiyanızın yarısını bütöv taxıldan ibarət edin. Bütöv taxıl dedikdə, emal olunmamış bütöv taxıl ləpələri nəzərdə tutulur. Bəzi nümunələrə yulaf, arpa, kinoa, qəhvəyi düyü və bulqur aiddir”.
T.Kərimova sonda qeyd edib ki, hər gün müxtəlif zülallarla qidalanmaq vacibdir: “Ət, quş əti, lobya, noxud, yumurta, qoz-fındıq və toxumlar zülalla zəngin qidalara misaldır. Yağ qəbulu da hamiləlik zamanı çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, bütün qeyd olunanlarla bərabər porsiyaların düzgün seçilməsi və hamilə qadının yanaşı patologiyasının olub-olmaması da diqqətdə qalmalıdır”.