
BAKI, 12 mart . TELEQRAF
Bu gün təsdiq edilən Dövlət Proqramı çərçivəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması məqsədilə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu tədbirlərə hava limanlarının fəaliyyətinin təkmilləşdirilməsi, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi və buna dair proqramların təsdiq edilməsi aiddir.
Bu işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və “AZAL” QSC, aidiyyəti dövlət orqanları, eləcə də hava limanları birgə icra edəcəklər. Prosesin monitorinqi aparılacaq. Bundanəlavə, Nazirlik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA) ilə birgə mütəmadi müfəttiş yoxlamaları keçirəcək.
RİNN Daxili İşlər Nazirliyi (DİN), Dövlət Miqrasiya Xidməti (DMX), Dövlət Sərhəd Xidməti (DSX), “AZAL” QSC və Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə mütəmadi olaraq mübadilə və mühafizə edilən məlumatların yayılmasının qarşısının alınması işlərini görəcək. 2025-2026-cı illərdə hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi ilə bağlı hava limanlarında komissiyalar yaradılacaq.
“AZAL” QSC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Səhiyyə Nazirliyi (SN), DGK, DİN, DMX və DSX ilə birgə 2025–2030-cu illərdə hava limanlarında mövcud şəraitin əlilliyi olan şəxslər üçün universal dizayn prinsipləri əsasında beynəlxalq standartlara uyğunlaşdırılması işlərini görəcək. Nəticədə hava limanlarında göstərilən xidmətlərin əlilliyi olan şəxslər tərəfindən təhlükəsiz və rahat yerinə yetirilməsi təmin ediləcək.
“AZAL” QSC həm də 2025–2030-cu illərdə RİNN və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən dövlət orqanları ilə birgə hava limanlarında həmin dövlət qurumları tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması işlərini görəcək.