.png)
BAKI, 12 mart. TELEQRAF
"Müsavat Partiyasına müxtəlif üsullarla dialoqla bağlı təkliflər və dəvət göndərilib. Amma biz partiya olaraq bu prosesdə iştirak etmirik. Bu heç də dialoqdan imtina deyil. Biz siyasi qüvvələr arasında gerçək dialoqa hazırıq".
Bu sözləri Teleqraf-a açıqlamasında Müsavat Partiyasının Məclis sədri Arif Hacılı deyib.
O, 44 günlük Vətən müharibəsi dövründə Prezident Administrasiyasının nümayəndələri ilə görüşdüyünü bildirib: “Konkret olaraq, Qarabağ məsələsi ilə əlaqədar Müsavat Partiyasının mövqeyini, təklifləri çatdırmışıq. Açıq müzakirələrə hazır olduğumuzu bəyan etmişik. Daha sonra isə iqtidarın təşkil etdiyi dəyirmi masaya qatılmışıq”.
A.Hacılı əlavə edib ki, təmsil etdiyi partiya "Siyasi partiyalar haqqında" yeni Qanunun tətbiqi, partiyalar üçün yeni texniki şərtlər və qaydalar ilə bağlı Ədliyyə Nazirliyi və başqa strukturların konsultasiyalarında iştirak edib.
"Partiyaların qeydiyyatı və təkrar qeydiyyatı, maliyyə hesabatlarının verilməsi ilə bağlı fikir mübadiləsində partiya olaraq yer almışıq. Ümumiyyətlə, Müsavat partiyası iqtidarla əvvəlcədən müəyyənləşdirilmiş gündəlik əsasında müzakirələrə həmişə hazırdır”, - deyə qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə dialoqla bağlı təmsil etdiyi təşkilatın yanaşmalarının fərqli olduğunu bildirib.
O deyib ki, dialoqla bağlı onların partiyasının açıqlama və mövqeyi mövcuddur: “Dialoq dedikdə, nəyin nəzərdə tutulduğunu bəyan etmişik. Amma iqtidar tərəfindən dialoqda iştiraka dair dəvət almamışıq. Əslində, almayacağımızı da bilirik. Onlar da bizə dəvət göndərməzlər. Xalqa və ictimaiyyətə açıq dialoq olsa, AXCP bununla bağlı mövqeyini bildirməyə hazırdır”.
Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən mütəmadi olaraq iqtidar-müxalifət dialoqu formatında müzakirələr keçirilir. Sonuncu dəfə Prezident Administrasiyasının təşkilatçılığı ilə iqtidar-müxalifət dialoqu ilə bağlı siyasi partiya təmsilçiləri, politoloq və jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya səfəri təşkil edilib.