
BAKI, 12 mart. TELEQRAF
Bədən kütləsini sabit saxlamaq üçün sağlam, düzgün qidalanma şərtdir.
Teleqraf xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloqu Turan Kərimova açıqlayıb.
Onun sözlərinə görə, burada qida rasionunun çox böyük rolu var:
“Bədən çəkisinin sabitliyi üçün maddələr mübadiləsinin normal olması şərtdir. Çəkinin azalması üçün maddələr mübadiləsinin sürətlənməsi vacibdir. Bu zaman qəbul olunan qidada zülalların, karbohidratların, yağların düzgün balansını təşkil etmək zəruridir. Məsələn, qidanın hansı hissəsini ət, tərəvəz, karbohidratlar (dənli bitkilər, kartof, un məmulatları və s.) təşkil edilməsinə diqqət yetirmək lazımdır. Bunu da qeyd etmək vacibdir ki, çəkinin sabit saxlanılması üçün təkcə porsiya yox, qidanın hansı qaydada, necə bişirilməsi, hansı ədviyyatların əlavə olunması, yeməyə əlavə olunan tərkibin nə qədər bişirilməsi çox əhəmiyyətlidir. Belə ki, hər bir qidanın bişmə temperaturu və müddəti var. Buna riayət olunan zaman onun tərkibi demək olar ki, dəyişmir, yəni tərkibindəki vitaminlər, minerallar, amin turşular və s. parçalanmır, orqanizm ondan istifadə edə bilir”.
T.Kərimova bildirib ki, həmçinin hansı qidanın daha tez, hansının daha gec həzm prosesinə məruz qalmasını da nəzərə almaq lazımdır:
“Məsələn, karbohidratlar daha tez, yağlar və zülallar daha gec parçalanır. Eyni zamanda, qidanın qəbul olunma vaxtına da diqqət yetirilməlidir. Çünki gündüz saatlarında fermentativ proseslər sürətlə, axşam saatlarında isə ləng gedir. Bütün bunlar həzm prosesinin düzgün tənzimlənməsinə, öz növbəsində mübadilə proseslərinin sürətlənməsinə səbəb olur. Nəticə etibarilə bədən çəkisi sabit qalır”.