BAKI, 12 mart . TELEQRAF

Azərbaycanda hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair yeni normativ hüquqi baza hazırlanacaq.

Teleqraf xəbər verir ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”na əsasən 2025–2028-ci illər ərzində aviasiya sahəsində yeni normativ hüquqi aktlar hazırlanacaq, mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər işlənib hazırlanacaq.

Bu işlərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) rəhbərlik edəcək, icrada isə “AZAL” QSC və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsində iştirak edən digər dövlət qurumları yer alacaq.

Həmçinin, beynəlxalq təcrübəyə əsaslanaraq, sərnişinlər və hava gəmisinin heyəti haqqında ilkin məlumatların toplanılması, saxlanılması, mühafizəsi, təhlili, istifadəsi və mübadiləsini tənzimləyən yeni normativ hüquqi aktlar hazırlanacaq. Bu sahədə də RİNN və digər aidiyyəti qurumlar birgə fəaliyyət göstərəcək.

Görülən işlər çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrin hazırlanması və müvafiq qanun layihələrinin aidiyyəti üzrə təsdiq üçün təqdim edilməsi nəzərdə tutulur. Yeni qaydalar hava daşımalarının daha çevik və effektiv idarə olunmasına, həmçinin beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə töhfə verəcək.