
BAKI, 3 mart. TELEQRAF
"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.
Məlum olub ki, o, suallara cavab verərkən irəli sürülmüş maddələr üzrə özünü təqsirli bilməyib.
Mehriban Abasquliyeva ifadəsində göstərib ki, yeni doğulan uşaqların çox olması ilə bağlı çarpayıların artırılması, 5 tibb bacısının, 3 tibb qardaşının ştat sayının artırılması üçün TƏBİB-ə müraciət olunub.
Hakim Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadələrinin başa çatdırıldığını elan edib. Dövlət ittihamçısı elan olunmuş ifadələrlə bağlı təqsirləndirilən şəxsə suallar vermək istədiyini söyləyib, onun suallara cavab verib-verməyəcəyi ilə maraqlanıb.
Mehriban Abasquliyeva isə sərbəst ifadə verəndən sonra suallara cavab verəcəyini bildirib. O, hazırkı mərhələdə sualları cavablandırmaq istəmədiyini deyib.
Daha sonra təqsirləndirilən Hamlet Mustafayev ifadə verib. İfadəsinə körpələri vəfat etmiş ailələrə başsağlığı verməklə başlayıb, bildirib ki, son iş yeri Perinatal Mərkəz olub və işinin öhdəsindən gəlib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mərkəz icbari tibbi sığorta sisteminə keçəndən sonra əlavə işçilərin gəldiyi elan olunsa da, həmin işçiləri görməyiblər. Mərkəzin bəzi şöbələri birləşdirilib, amma hadisə baş verən şöbə ilə onun rəhbərlik etdiyi şöbə ayrı-ayrı fəaliyyət göstərib. Daha sonra mərkəzin 5-ci mərtəbəsində yerləşən anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri olub. Hamlet Mustafayev bildirib ki, yanğın 4-cü mərtəbədə, yeni doğulmuşların terapiya şöbəsində baş verib, onun isə həmin mərtəbə ilə heç bir əlaqəsi olmayıb: "O şöbənin müdiri Məryəm Rzayeva idi. Bu gün də işindədir.
İşçilərin sayı, avadanlıqlar barədə məlumatlar Məryəm xanımda olub. Məndə bu barədə heç bir məlumat olmayıb. 2023-cü ildə Mehriban Abasquliyeva mərkəzə rəhbər gələndən sonra hər bölmənin qarşısına lövhələr vuruldu. Həmin lövhələrdə işçilərin ad, soyad və vəzifələri qeyd olunmuşdu. Bizim bundan sonra bu barədə məlumatımız olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, yanğın təhlükəsizliyi ilə bağlı təlimatlar hər bölməyə ayrıca verilib: "Yanğının baş verdiyi şöbədə yanğın təhlükəsizliyinə cavabdeh Məryəm Rzayeva olub. Bu, mərkəzin direktoru tərəfindən təsdiq olunmuş əmrdə də qeyd olunub. Hər şöbədə təlimatı müdirlər aparıb. Cinayət işindəki sənəddə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin iradları, nöqsanlar aşkarlaması barədə akt tərtib etməsindən xəbərim olmayıb. Həmin akt dəftərxanaya təqdim edilib. Yanğın mənim çalışdığım 5-ci mərtəbədə baş verməyib".
Hamlet Mustafayevin sözlərinə görə, mərkəzdə uşaq ölümləri ilə bağlı məsələyə həmişə ürək ağrısı ilə yanaşılıb: "Çalışmışıq ki, uşaq ölümü ilə bağlı məsələləri ciddi araşdıraq, belə hallara imkan verməyək. Bu, bizim işimizdə yazılmamış qanunlardandır. Bu gün mətbuatdan ana ölümlərini oxuyanda ürək ağrısı ilə qarşılayıram. Mən 35 ilin həkimiyəm. İşimdən kənarlaşdırılmasaydım, bu gün həkimlik fəaliyyətimin 35 ili tamam olacaqdı.
Biz işimizin öhdəsindən layiqincə gəlmişik. Amma bu hadisə kollektivin bütün işini yerə vurdu. Mən özüm günahsızam. Bu gün günahsızlığımı sübut etmək məcburiyyətində qalmışam. Özümü təqsirli bilmirəm. Məhkəmənin ədalətinə inanıram".
Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısı Orxan Səmədovun, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, həmçinin vəkillərin suallarını cavablandırıb.
Növbəti proses martın 17-də davam edəcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.