
BAKI, 3 mart. TELEQRAF
Bəzən sağlamlığında problem olan şəxslərin həqiqi hərbi xidmətə cəlb edilməsi onların sağlamlıq və mənəvi-psixoloji vəziyyətinə ciddi təsir etməklə yanaşı, nəticə etibarilə onların komandir heyəti tərəfindən döyüş hazırlığı ilə bağlı olmayan işlərə cəlb olunmasına, habelə müayinə və müalicələrinin təşkili üçün hərbi büdcədən əlavə vəsait xərcinə səbəb olur.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin həyata keçirilməsi zamanı qeyd olunan çatışmazlıqların aradan qaldırılması məqsədilə SHXÇDX-nin yerli qurumlarında fəaliyyət göstərən Çağırış və Hərbi həkim komissiyalarında təmsil olunan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması və vəzifə funksiyalarına daha da məsuliyyətli yanaşmalarını təmin etmək məqsədilə zəruri tədbirlər görülməli, bu komissiyaların fəaliyyətinə nəzarət gücləndirilməlidir.
Sənəddə qeyd olunub ki, təhsilin davam etdirilməsi məqsədilə və ya sağlamlıq vəziyyəti ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə Ombudsmana ünvanlanmış müraciətlər araşdırılmış, qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Həmçinin bildirilib ki, həqiqi hərbi xidmətdə olduqları zaman istifadə etmədikləri əşya əmlakına və növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının bəzi ehtiyatda və istefada olan hərbi qulluqçulara verilməsində hələ də problemlər qalmaqdadır.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.