BAKI, 3 mart. TELEQRAF

Hələ də bəzi hallarda məhkəmələrdə süründürməçilik məsələsi qalmaqdadır.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, 2024-cü ildə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə məhkəmələrdə süründürməçilik, hakimlərin hərəkət və ya hərəkətsizliyindən narazılıq, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının, o cümlədən çəkişmə prinsipinin pozulması, prosessual müddətlərə riayət edilməməsi, məhkəmə qərarlarının surətinin proses iştirakçılarına vaxtında göndərilməməsi, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququnun əsassız məhdudlaşdırılması, qanuni qüvvəsini almış məhkəmə qərarlarının icraya yönəldilməməsi, yaxud icra olunmaması və digər hallar öz əksini tapmışdır.

Ombudsmanın ünvanına məhkəmə qərarlarının icra olunmaması ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsas etibarilə məhkəmə qərarlarının uzun müddət icrasız qalması, süründürməçilik hallarına yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması ilə bağlı olmuşdur.

Həmçinin qeyd olunur ki, məhkəmə sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məhkəmələrə çatım imkanlarını asanlaşdırmağa, onların fəaliyyətində keyfiyyət və səmərəliliyin artırılmasına hədəflənmişdir.

Qeyd edilənlərlə yanaşı, Ombudsmana ünvanlanan müraciətlərdə bir sıra vətəndaşların texniki vasitələrə və internet resurslarına çıxış imkanlarının məhdud olması səbəbindən “elektron məhkəmə” informasiya sistemindən istifadə ilə bağlı çətinliklərlə üzləşdikləri, habelə birinci instansiya məhkəmələrinin qərar və qərardadlarından elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş formanın mürəkkəb olması səbəbindən vəkil xidmətlərindən istifadə etməyə məcbur qaldıqları bildirilmişdir.

Bəzi hallarda “elektron məhkəmə” informasiya sistemində yaranmış nasazlıqlar məhkəmələrdə süründürməçillik hallarına səbəb olmuşdur.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.