
BAKI, 3 mart. TELEQRAF
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin və tibbi-sosial reabilitasiyası sahəsində xidmətlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin təmin edilməsi, habelə bu istiqamətdə aidiyyəti dövlət qurumlarının fəaliyyətinin effektiv əlaqələndirilməsi məqsədilə sahəvi dövlət proqramının qəbul edilməsi məqsədəmüvafiq hesab edilir.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Həmçinin qeyd olunur ki, autizm spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında xüsusi normativ hüquqi aktın və məqsədli dövlət proqramının qəbul edilməsi, onlar üçün müvafiq təhsil müəssisələrinin və reabilitasiya mərkəzlərinin genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi və maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədəmüvafiqdir.
Əlilliyi olan şəxslərin gündəlik həyatda sərbəst hərəkətinin təmin edilməsi, bu məqsədlə dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlarına məxsus olan binalarda, habelə ictimai binalarda və sosial infrastruktur obyektlərində müyəssərliyin təmin olunması, o cümlədən beynəlxalq standartlara cavab verən yeni pandusların quraşdırılması və mövcud pandusların standartlara uyğunlaşdırılması zəruridir.
Qeyd edilənlərlə yanaşı, ictimai nəqliyyat infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsinə diqqətin artırılmasına, yerüstü və yeraltı keçidlərin, habelə metro stansiyalarının onların sərbəst hərəkəti üçün uyğunlaşdırılmasına və ya yenidən qurulmasına, yol ayrıclarında quraşdırılmış işıqforların səsli-vibrasiyalı siqnallara malik (toxunma və səs siqnallarının təkrarlanması ilə) xüsusi işıqforlarla əvəz edilməsinə də böyük ehtiyac vardır.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.