GƏNCƏ, 3 mart. TELEQRAF

Gəncədə ərinin balta və armaturla döydüyü Humay Abdıyeva yerləşdirildiyi Gəncə Beynalxalq Xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb.

Teleqraf-ın qərb bürosu xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə gün əvvəl xəsarət almış qadını şəhər sakinini xəstəxanada ziyarət edib. İcra başçısı qadının səhhəti və psixoloji durumu ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, bir neçə gündür tibb müəssisəsinin reanimasiya şöbəsində olan pasient bugün stasionar palataya köçürülüb. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu qadınla və iki azyaşlı övladı ilə söhbət aparıb. Uşaqların psixoloji vəziyyəti nəzərə alınaraq onlar “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İctimai Birliyinin Gəncə şəhəri üzrə Uşaqlar üçün sosial xidmət mərkəzinə yönləndiriliblər.

Məlumat görə, Gəncə Şəhər İcra Hakimiyyəti qadının və azyaşlı övladlarının durumunu nəzarətdə saxlayır.