
BAKI, 3 mart. TELEQRAF
Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı çətinliklər və süründürməçilik halları hələ də mövcuddur.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunur ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydalara əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə aidiyyəti üzrə tapşırıq göndərilir.
Bildirilib ki, bu Qaydalarda dəqiq müddətin müəyyən olunmasına baxmayaraq, bir çox hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi daha uzun müddətlərdə aparılır ki, bu da sosial yardımın təyin olunmasında ləngimələrə və süründürməçilik hallarına səbəb olur.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.