BAKI, 3 mart. TELEQRAF

Balanslı qidalanma hər bir insan üçün çox vacibdir. Ramazan ayında isə buna xüsusi diqqət yetirmək lazımdır, çünki oruc zamanı gündəlik qida qəbulu dəyişir.

Biz balanslı qidalanmaq üçün nə etməliyik? İmsak və iftarda hansı qidalara üstünlük verməliyik? Toxluq yaradan qidalar hansılardır?

Mövzu ilə bağlı Teleqraf-a danışan Azərbaycan Tibb Universiteti Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli bildirib ki, orqanizmdə gedən bioloji proseslərə daim müəyyən qədər maddə və enerji sərf olunur, bu isə qəbul olunan qidanın tərkibindəki zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr hesabına ödənilir.

“Orqanizmin inkişafı, boyatması, sağlamlığı, əmək və optimal həyat fəaliyyətinin qorunub saxlanması qidalanma ilə təmin edilir. Gündəlik qida payının enerji dəyəri, keyfiyyəti, tərkibi və qidalanmanın xarakteri ictimai vəziyyətdən, insanların fəaliyyətindən, coğrafi şəraitdən, cinsdən, yaşdan, bədən kütləsindən, boydan, orqanizmin fizioloji vəziyyətindən asılı olaraq dəyişir. Yeyilən qidalar (ekzogen amillər) orqanizmdə mürəkkəb dəyişilmələrə uğrayıb, orqanizmin tərkib hissələrinə - hüceyrə və toxumalarının qurulmasına lazım olan elementlərə və orqanizmin müxtəlif fizioloji funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan enerjiyə çevrilir.

Bu baxımdan orqanizm üçün vacib və düzgün olan balanslı qidalanmadır. Balanslı qidalanma bədənin ehtiyac duyduğu bütün qida maddələrinin düzgün miqdarda və keyfiyyətli şəkildə təmin olunması deməkdir. Balanslı qidalanmanın əsas prinsipləri müxtəliflik və norma, enerji təminatı-qəbul edilən qidanın kalori miqdarı gün ərzində sərf olunan enerji ilə uyğun olmalıdır”, - deyə o, əlavə edib.

"İftarda mütləq bunu nəzərə almaq lazımdır"

Fəridə Əli bildirib ki, Ramazan ayında oruc tutarkən orqanizmin sağlamlığını qorumaq və orucu rahat keçirmək üçün vacib olan balanslı qidalanmadır:

“Orucun immuniteti artırmaq, orqanizmi zərərli toksinlərdən təmizləmək, həzm sisteminə rahatlıq vermək, arıqlamağa kömək etmək kimi faydaları var. Oruc tutmaq müəyyən müddət ac qalmaqdır ki, bu müddət başa çatdıqdan sonra düzgün, balanslı qidalanma enerjini qorumağa, susuzluğun və yorğunluğun qarşısını almağa kömək edir. Gün ərzində aclıqdan sonra orucun başa çatma vaxtı axşam saatlarına təsadüf edir. Nəzərə alsaq ki, insanın gündüz fəallığı axşam sakit dövrlə əvəzlənir və aclıqdan sonra birdən-birə mədəni ağır qidalarla yükləmək düzgün hesab olunmur, lakin qəbul olunan qidalar orqanizmin enerji tələbatını ödəyə bilməlidir.

Elə insan var ki, iftar vaxtı süfrədə neçə çeşid xörək varsa, hamısından yeməyi üstün bilir və bunu norma hesab edir. Belə deyil, insan orqanizmini tanımalıdır. Adi vaxtlarda hansı qidaları qəbul etdikdə özünü rahat hiss edirsə, yəni mədə şişkinliyi, köp və başqa bu kimi xoşa gəlməz hallar hiss etmirsə, iftar zamanı da mütləq bunu nəzərə alaraq qidalanmalıdır. Xörəklərdən əlavə elə içkilərdən istifadə olunmalıdır ki, bədəndən mayenin atılmasına səbəb olmasın (məsələn, qəhvə və tünd çay mayenin bədəndən atılmasını artırır)”.

Həkim iftar və imsak arasında bədənin ehtiyaclarını qarşılamaq, maye balansını qorumaq və ertəsi günə hazırlıqlı olmaq üçün bəzi məqamları nəzərə almağın lazım olduğunu deyib:

“Bu dövrdə əsas məqsəd mayeni və enerji ehtiyatlarını bərpa etmək və həzm sistemini yormamaqdır. Gün ərzində susuzluq yaşamamaq üçün maye balansını təmin etmək, birdən-birə çox su içmək əvəzinə, iftar və imsak arasında müntəzəm olaraq bir neçə stəkan su içmək daha düzgün olar. Maye balansını təmin etmək üçün tərəvəz və su ilə zəngin meyvələr, ayran və bitki çaylarından istifadə oluna bilər. Tünd çay və qəhvədən çəkinmək lazımdır. İftar və imsak arası müddətdə zülallı qidalardan - toyuq, balıq, yumurta, pendir, qatıq və paxlalılar toxluq müddətini artırır.

Şirniyyatlardan bir qədər ehtiyatlı olmaq lazımdır, çünki bu qanda şəkərin sürətlə qalxmasına səbəb ola bilər. Onun əvəzinə xurma, quru meyvələr və ya az miqdarda baldan istifadə edilə bilər.

İftar zamanı birdən-birə çox qida qəbul edilməməli, iftardan sonrakı müddətdə aralıqla qidalanmaq, yeməklər hissə-hissə və yaxşı çeynəməklə mədəni yormadan qəbul edilməlidir. Həddindən artıq yağlı və qızardılmış xörəklər həzmi çətinləşdirə bilər. Həzmi rahatlaşdıran tərəvəzlər, qatıq, kefir bağırsaqların fəaliyyəti və sağlamlığı üçün əhəmiyyətlidir. Həmin müddətdə yüngül bir gəzinti də həzmi rahatlaşdırar. İftar və imsak arasındakı vaxtı daha sağlam keçirmək imsakdan sonrakı gün ərzində orqanizmin enerji təminatını və rahatlığını ödəyə bilər. Yuxu rejiminə də diqqət yetirmək lazımdır”.

Toxluq hissi yaradan qidalar

Fəridə Əli bildirib ki, ümumilikdə oruc zamanı bulqur, yulaf, tam taxıllı çörək (dənli bitkilərin işlənməmiş və bütün hissələri ilə birlikdə istehlak edilən forması), qəhvəyi düyüdən istifadə olunması uzun müddət toxluq hissini saxlayır. Keyfiyyətli zülallar – toyuq, balıq, yumurta, paxlalılar, pendir, qatıq, zeytun yağı, lifli qidalar – tərəvəzlər, meyvələr, paxlalılar bağırsaq sağlamlığı üçün əhəmiyyətlidir. Nəhayət, bol maye – su, ayran, bitki çayları bədənin susuz qalmaması üçün vacibdir. Bəzi qidalardan – şirin desertlər, ağ çörək, qazlı içkilərdən isə uzaq durulmalıdır. Yağlı, qızardılmış, çox duzlu və ədviyyatlı qidaların istifadəsinə diqqət yetirməli, ehtiyatlı olmalı. Xüsusən turşulardan istifadə gün boyu susuzluğun yaranmasına səbəb ola bilir.

İmsakda seçilən qidalar gün ərzində toxluq hissini qorumağa və enerjini stabil saxlamağa kömək etməlidir. Şirəli meyvələrdən başlamaq, ona qoz ləpəsi, yaxud fındıq əlavə etmək faydalıdır. Qışda təzə meyvələr əvəzinə quru meyvələrdən istifadə etmək olar. Yulaf sıyığı, tam taxıllı çörək, bulqur, zülallı qidalar - yumurta, pendir, süd, kəsmik, lifli tərəvəzlər və meyvələr – xiyar, pomidor, alma, portağal və kifayət qədər (2-3 stəkan) su içmək susuzluğu azaltmağa kömək edir. 4-5 növ çiy tərəvəzdən hazırlamış salat yemək faydalıdır.

İmsak zamanı şirin çay və şəkərli qidalar, ağ çörək və un məmulatları qəbul edilməsi məqsədəuyğun hesab edilmir, çünki tez həzm olunur və aclıq hissi yaranır, bu da insanın əhvalının pozulmasına, aclıq hissi bəzi hallarda əsəb gərginliyinə səbəb ola bilər.

İftarı açmaq üçün məsləhət olunan qidalar bir stəkan su və xurma, yüngül şorba, balıq, toyuq, qırmızı ət - sobada və ya buğda bişirilmiş, bulqur, qəhvəyi düyü, qarabaşaq, tərəvəz və salatlar – göyərtilər, pomidor, xiyar, kahı, limonlu salatlar, süd məhsulları – ayran, qatıq, kefir həzm üçün faydalıdır.

İftarda qəbul olunması məsləhətli olmayan çox yağlı və qızardılmış qidalar həzm sistemini yükləyir. Çox duzlu və turşulu qidalar gün ərzində susuzluq hissi, su tələbatı yarada bilir. Şəkərli və qazlı içkilər, ağır desertlər, xüsusilə şərbətli şirniyyatlar həzmi çətinləşdirir”, - deyə həkim vurğulayıb.