BAKI, 3 mart. TELEQRAF

Deputat Razi Nurullayev Ombudsmanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib ki, boşanmaların günahkarı qadınlar və onların daha sərbəst qalmaq istəməsidir.

Deputatın sözlərinə görə, qadınlar boşanaraq aliment almağa meyllənir, nəticədə aliment qadınların boşanmasını stimullaşdırır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva mövzu ilə bağlı Teleqraf-a açıqlamasında deyib ki, bu fikirlərlə razılaşmır, buna səbəbkar qadınlar deyil.

“Son illər ailə münasibətlərinin zəifləməsi və boşanmaların sayında artımın olması müşahidə edilir. Əlbəttə, bu, heç də gözoxşayan göstərici deyil. Boşanmalara daha çox qadınların səbəb olması fikri isə həqiqəti əks etdirmir. Düzdür, statistik rəqəmlər son illər boşanma iddiası ilə daha çox qadınların müvafiq orqanlara müraciət etdiyini göstərir. Lakin bu, o demək deyil ki, yaranan bütün problemləri məhz qadınlara aid eləmək lazımdır”, - deyə o əlavə edib.

Səmra Əliyeva bildirib ki, son vaxtlar qloballaşma, ünsiyyətin genişlənməsi, məlumat əlçatanlığı nəticəsində hər iki cins fərdi maraqlarını daha çox düşünür, şəxsi azadlığa önəm verir, ailəyə etinasız yanaşır, ən kiçik ailədaxili məsələlərdə dözümsüzlük göstərir, bu faktorlar isə nikahın pozulması hallarına gətirib çıxarır:

“Nikahın pozulması iddiası ilə müraciət edənlərin böyük əksəriyyəti səbəb kimi xasiyyətlərinin uyğun gəlməməsini qeyd edirlər, lakin məsələlərin altında daha dərin, qeyd edilməyən məqamlar öz əksini tapır.

Necə ki, nikah 2 nəfərin könüllü ittifaqıdır, boşanma prosesinə gətirib çıxaran yolda da iki nəfərin birgə rolu danılmazdır. Birmənalı şəkildə prosesdə təkcə qadınları, yaxud yalnız kişiləri günahlandırmaq olmaz. Bəzən bu prosesə kənar müdaxilələr də təkan verir”.

Baş məsləhətçi vurğulayıb ki, əvvəlki illərlə müqayisədə qadınların öz hüquqlarını qoruması imkanlarının artması, geridönüşü olmayan çıxılmaz vəziyyətlərdə özlərinin və övladlarının psixoloji durumunu düşünərək boşanma prosesinə qərar vermələri müsbət haldır:

“Ailə məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ailə institutuna, ailə birliyinə və möhkəmliyinə istənilən təhdid dövləti narahat edir. Qlobal və həlli mümkün olmayan problemlər, şiddət, aludəçilik olduğu halda, uşaqların hüquq və mənafeləri pozulduğu halda verilən qərarlar istisna olmaqla, həlli mümkün problemlərə qarşı göstərilən dözümsüzlük ailə institutuna, ailənin möhkəmliyinə ciddi və geridönüşü olmayan zərər vurur. Bu halların davamlı olması gənc nəsildə ailə həyatına qarşı fikirlər formalaşdırır və beləliklə, cəmiyyətimiz üçün ciddi qlobal problemlər başlayır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hesab edir ki, qadının alimentlə sərbəst yaşaması mümkün deyil. Onun sözlərinə görə, məsələ düzgün qoyulmayıb, birincisi, qadının niyə boşanmaq istədiyini bilmək lazımdır və bunun ciddi analizi aparılmalıdır.

“Bəzən evlənən şəxslər və ailələr biri-birlərini düzgün tanımadığı üçün boşanma baş verir. Əvvəllər boşanma hallarında ailələr bir araya gəlib tədbir görürdülər. İndi evlənmək asan olub, buna görə asanlıqla da boşanırlar”, - deyə hüquq müdafiəçisi əlavə edib.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu fikirlərlə razılaşmadığını deyib. O bildirib ki, aliment boşanmaya əsas ola bilməz, aliment məsələsindən sui-istifadəni hamıya şamil etmək düzgün deyil:

"Bərabər qaydada kişilər də sui-istifadə hallarına yol verirlər, amma heç kim onları qınamır. Aliment uşaqlara ayrılır, bəs alimentin məbləği uşaqların ehtiyaclarını tam ödəyirmi ki, hələ qadın da buna görə boşansın?! Təhlil etsək görərik ki, hazırkı dövrdə alimentin məbləği tələblərlə adekvat deyil, buna görə də aliment boşanmaya səbəb sayıla bilməz. Yalnız əri çox yüksək əməkhaqqı alanlarda sui-istifadə halları ola bilər”.

Mehriban Zeynalova Azərbaycanda qadınların ailəcanlı və ailə qurmağa meyilli olduqlarını vurğulayıb və boşanmaların kökündə müxtəlif səbəblərdən dayandığını bildirib:

“Əgər boşanmağa səbəb aliment olsaydı, qadın ikinci dəfə ailə qurmağa can atmazdı. Fikrimcə, tərəflərin özünü düzgün təqdim etməməsi, arada yaranmış illüziyalar boşanmaq üçün sonradan səbəb yaradır”.