BAKI, 3 mart. TELEQRAF

İxrac boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Qaradağ rayonunda yerləşən regional idarəsində iclas keçirilib. İclasda Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi (MN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti əlaqələndirici şəxsləri, ixrac boru kəmərlərinin keçdiyi rayonlar üzə yerli icra hakimiyyətlərində fəaliyyət göstərən komissiyaların sədrləri, SOCAR və “bp-Azərbaycan”ın məsul şəxsləri iştirak ediblər.

Teleqraf xəbər verir ki, SOMDA rəisinin birinci müavini general-mayor İsmayıl Hüseynov çıxışında 1994-cü il sentyabrın 20-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin neft strategiyasının gerçəkləşdirilməsini təmin edən Əsrin Müqaviləsinin imzalanması xalqımızın ilk dəfə olaraq öz maddi sərvətlərinin, o cümlədən neftin sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilib. Bu, ölkəmizin neft sənayesi tarixində yeni bir dövrün başlanğıcı olub, iqtisadiyyatımızın dinamik inkişafının təməli qoyulub və müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmləndirilməsi üçün əsaslı zəmin yaradılıb. Azərbaycanın enerji siyasətinin mühüm komponentlərindən biri olan ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunmasının strateji əhəmiyyəti, bu sahədə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında görülən işlərin əhəmiyyəti qeyd olunub.

Tədbirdə SOMDA-nın İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi polkovnik Nail Dadaşov 2024-cü il ərzində ixrac boru kəmərlərinin təhlükəsizliyi üzrə həyata keçirilən işlər və qarşıya qoyulan məqsədlərlə bağlı məruzə edib. O, 2024-cü il üzrə ixrac boru kəmərlərinin Azərbaycan Respublikasının quru ərazisindən keçən hissəsində hər hansı bir xoşagəlməz halın baş vermədiyini bildirib.

Tədbirdə FHN, MN, DTX, DSX və yerli icra hakimiyyətlərində yaradılmış komissiyaların sədrləri, “bp-Azərbaycan” və SOCAR-ın məsul şəxsləri çıxış edib, ixrac boru kəmərlərində təhlükəsizliyə təsir göstərən yeni tendensiyalar fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı nəzərdən keçirilən məsələlərə dair fikirlərini çatdırıblar.

İclasda təkliflər irəli sürülüb, məruzələr ətrafında müzakirələr aparılıb.