Azərbaycanda un istehsallı sahəsində əsas şirkətlərdən olan “Karat Holdinq”in baş direktoru Taleh Qasımov Teleqtaf.com-un suallarını cavablandırıb. T.Qasımov sayta müsahibəsində Mərkəzi Bankın manatın məzənnəsini ucuzlaşdırıb dolları bahalaşdırandan sonra taxıl və un bazarında yaranmış duruma aydınlıq gətirib.
- Hazırda taxıl və un bazarında vəziyyət necədir? İnsanlar əvvəlki qiymətlərlə un ala bilərlərmi?
- Bazarda vəziyyət sabitdir. Unu bir qəpikdə də bahalaşdırmamışıq. Eyni zamanda satışa heç bir məhdudiyyət qoymamışıq. Satış əvvəlki qiymətlər və tepmlə davam edir. Əvvəllər dəyirmanımızın bir qapısı açıq idi, indi arxa qapı da açıqdır. Kimə nə qədər un lazımdır “Karat” şirkətindən ala bilər. Mən sahibkarlara və una ehtiyacı olan insanlara müraciət edirəm. Əgər hansısa rayonda un qıtlığı varsa, bizim dəyirmana gəlsinlər, nə qədər istəyirlər un ala bilərlər. Bu gün bir alıcıya 20 min ton un satmaq, 20 TIR-ı birdən yükləyə imkanımız var.
- Manat ucuzlaşandan sonra insanlar marketlərə axın edirlər, böyük miqdarda ərzaq məhsulları alırlar. Un bazarında da belə hallar müşahidə olunurmu?
- Biz satışa məhdudiyyət qoymamışıq. Amma bizə də məlumdur ki, başqa ərzaq satan firmalar məhsullarını satışdan yığışdırıblar, qiymətləri qəsdən süni formada bahalaşdırblar. Ona görə də bəzi ərzaq məhsullarının və başqa malların satışında ajiotaj müşahidə olunur. Lakin unun satışına məhdudiyyət qoymadığımıza görə heç bir ajiotaj yaranmadı. Düzdür, özümüz xeyli ziyana düşmüşük. Biz buğdanı dollarla alırıq, unu manatla satırıq. Cibimizə ziyan etsək də, buna əhəmiyyət vermirik. Əsas fikrimiz o oldu ki, unun bahalaşmasına yol verməyək. Ona görə də qiyməti bahalaşdırmadıq və bazarda süni qiymət artımına yol vermədik.
Bir neçə gün unun satışında da artım müşahidə olundu. Çünki insanlar panikaya düşmüşdülər, ajiotaj yaranmışdı. Amma sonra gördülər ki, unun qiymətini qaldırmamışıq, satışı da məhdudlaşdırmamışıq. Ona görə də indi unun satışında artım yoxdur, əvvəlki günlərdə olduğu miqdarda un satırıq.
- Deyirsiniz ki, şirkətiniz xeyli ziyana düşüb. Ziyanınız nə qədərdir?
- İndi bunu dəqiq deyə bilmərəm. Ziyanımızın nə qədər olduğunu ayın sonunda biləcəyik. Amma ziyana düşdüyümüzü dəqiq bilirik. Buna baxmayaraq, qiyməti qaldırmırıq.
- Qiyməti könüllü olaraq qaldırmırsınız, yoxsa dövlət qurumlarının süni qiymət artıranların cəzalandırılacağına dair xəbərdarlıqlarını nəzərə alırsınız?
- Bizə heç bir xəbardarlıq olmayıb. Nə xəbardarlıq olacaq? Sadəcə istəyirik ki, un bazarında ajiotaj olmasın və satışımız artsın. Unu bahalaşdırmadığımıza görə satışımız artıb, bazarda daha da möhkəmlənmişik. Ona görə də qiyməti qaldırmırıq.
- Hazırkı qiymətləri nə vaxta qədər saxlayacaqsınız?
- Hələlik qiyməti qaldırmaq niyyətimiz yoxdur və bu formada davam edəcəyik.
- Buğdanı əsasən, hansı ölkələrdən alırsınız? Buğda satan ölkələr son zamanlar qiymətləri bahalaşdırıblar?
- Yerli buğda da alırıq. Amma əsasən, Qazaxıstan və Rusiyadan gətiririk. Həmin ölkələr buğdanı bahalaşdırmayıblar, əvvəlki qiymətə alırıq.
İlkin Əliyev