BAKI, 10 iyun. TELEQRAF
"Bu gün uşaqların 50%-i sosial mediadan informasiya əldə edir və bu, daha riskli hesab edilir".
Teleqraf xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.
"Uşaqlara "elektron formada öyrənin, ənənəvi formada öyrənin" desək, cəmiyyət irəli getməyəcək. Alternativ mənbələrin sayı artır. İnsan inkişafında ən önəmli dövr insan həyatının ilk 1000 günüdür, yəni 3 yaş dövrüdür", - nazir vurğulayıb.
Emin Əmrullayev deyib ki, indiki dövrdə uşaqlar təhsil prosesində elektron formatlara daha çox üstünlük verir:
"Uşaqları məcbur şəkildə ənənəvi üsula qaytara bilmərik. Onları sosial media platformaları eləcə də elektron formatlardan uzaq tutmaq əvəzinə bunu tənzimləməyi bacarmaq lazımdır".
Nazir qeyd edib ki, bir çox hallarda uşaqlar tərəfindən süni intellektə verilən suallar məsələnin cavabını istəməklə bağlıdır:
"Bu, çox risklidir. Çünki uşaqlar məsələnin həllini soruşmurlar. Məsələnin cavabını bilmək istəyirlər".