BAKI, 10 iyun. TELEQRAF

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.

Bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.

"Təlimata əsasən tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır. “Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır. Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalıdır. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir. Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır", - deyə qeyd olunub.