BAKI, 10 iyun. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
Teleqraf xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Müəssisənin direktoru Sevinc Məlikova jurnalistlərə açıqlamasında bildirib ki, müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək olmaq məqsədilə fəaliyyət göstərir.
Onun sözlərinə görə, müəssisə 1984-cü ildən istifadəyə verilib.
"Bu illər ərzində müəssisə dəfələrlə əsaslı şəkildə təmir olunub. Müəssisə 200 nəfərlikdir. Burada əlilliyi müəyyən edilmiş şəxslərə stasionar və yarım stasionar xidmət göstərilir”.
Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev deyib ki, ƏƏSMN tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 13 filialı, 21 müəssisəsi var.
Onun sözlərinə görə, bu müəssisələrdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara xidmət göstərilir: "Hazırda Agentlik tərəfindən ümumilikdə 1000-dən çox uşaq stasionar və yarımstasionar formada müxtəlif xidmətlərlə təmin edilir. Onlardan 495 nəfəri əlilliyi olan uşaqlardır”.
Müəssisənin loqopedi Səbuhi Soltanov isə bildirib ki, gün ərzində müəssisədə 13-14 uşağın loqopedik fəaliyyəti icra olunur.
O, ay ərzində bu sayın 40-60 ola bildiyini deyib.
"Müəssisədə müxtəlif nitq qüsurlu uşaqlar mövcuddur. Nitq qüsurunun xarakterindən asılı olaraq reabilitasiya proqramı seçilir. Proqrama uyğun olaraq 3-6 ay ərzində uşaq təkrar baxışa da cəlb oluna bilər. Üzərimə düşən öhdəlik uşaqların özünüifadə bacarıqlarının formalaşması, nitq inkişafı, müxtəlif proseslər zamanı özlərini ifadə edə bilmələridır. Bəzi uşaqlar var ki, nitq mövcuddur, onlarda rabitəli nitq vərdişləri inkişaf etdirilir. Bəzi uşaqlarda isə nitq mövcud olmur və proses ardıcıl həyata keçirilir. Uşaq səsləri tələffüz edə bilirsə, ona hecalar öyrədilir. Hecaları tələffüz edə bilirsə, sözlər, söz birləşmələri, cümlələr öyrədilir. Proses uşağın nitqinin inkişafı tam formalaşana qədər davam edir. İnkişaf pozuntusu olan uşaqlarda 100% nəticə əldə etmək olmur. Hansı uşaq hansı prosesə qədər irəliləyə bilirsə, irəliləməsi təmin olunur", - loqoped vurğulayıb.
Mediaturda bildirilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan və təhsilə cəlb olunmayan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Burada sakinlər sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb edilirlər.
Eləcə də uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır.
Hazırda müəssisədə 173 uşağa xidmət göstərilir.