BAKI, 10 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistin sualına cavab olaraq, Türkiyə ilə İsrail arasındakı gərginliyə münasibət bildirib.
Teleqraf xəbər verir ki, jurnalist Ərdoğanın İsrailə qarşı sərt bəyanatlarını xatırladaraq, iki ölkə arasında hərbi qarşıdurma ehtimalının olub-olmadığını soruşub. Həmçinin Türkiyəyə F-35 qırıcılarının satışının mümkünlüyü barədə də sual verilib.
Tramp suala cavab olaraq Ərdoğanı yaxın dostu adlandırıb: “Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Onu çox sevirəm. Bunu deməməliyəm, çünki media dərhal "Tramp Ərdoğanı sevir" deyəcək. Amma o, qeyri-adi liderdir, güclü insandır, həqiqətən çox güclü insandır.”
ABŞ Prezidenti Türkiyə ilə İsrail arasında münaqişə ehtimalından da danışıb: “Belə bir şey eşitməmişəm. Eşitsəydim, ona zəng edər və hər şeyin qaydasında olduğuna əmin olardım. Türkiyə ilə belə bir hadisənin baş verəcəyini düşünmürəm. Heç olmasa mən prezident olduğum müddətdə bu baş verməz. Çünki o mənə hörmət edir, mən də ona hörmət edirəm. Aramızda yaxşı dostluq var”.