BAKI, 10 iyun. TELEQRAF

Aparılan tədqiqatlar ailələrdə valideynlərin savadlı olmasının uşaqları sosial media platformalarının zərərindən qoruduğunu göstərir.

Teleqraf xəbər verir ki, bunu təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Qoşqar Məhərrəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.

O bildirib ki, aşağı gəlirli və təhsilsiz ailələrdən olan şagirdlər hüquq biliklərini əsasən riskli mənbələrdən, məsələn, sosial şəbəkələrdən, küçədən öyrənirlər.

"Sağlam dialoq va intizam qaydalarının evdə aşılanması, uşaqları radikallaşmadan qoruyan ilk qalxandır. Hüquqi məsuliyyət barədə sorğunun nəticələrinə əsasən, iştirakçıların 59,9 faizi hüquqi məsuliyyət haqqında yalnız qismən məlumatlı olduğunu və ya ümumiyyətlə məlumatının olmadığını bildirib. Bu göstərici yeniyetmələrin əhəmiyyətli hissəsinin hüquq pozuntularının nəticələri və hüquqi məsuliyyət mexanizmləri barədə kifayət qədər məlumatlı olmadığını göstərir. Mütəxəssislərin fikrincə, problemin səbəbi təkcə fərdi məlumat çatışmazlığı ilə məhdudlaşmır", - o vurğulayıb.