BAKI, 10 iyun. TELEQRAF

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan Qurtuluş Salnaməsi” adlı hesabat konserti baş tutub.

Teleqraf xəbər verir ki, konsert proqramından öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin sərgisi və rəqs kompozisiyası nümayiş olunub.

Ardınca hesabat konserti təqdim edilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova Teleqraf-a açıqlamasında konsert proqramı ilə bağlı təəssüratlarını bölüşüb: "Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan Qurtuluş Salnaməsi” adlı konsert proqramı uğurla baş tutub. Tədbir çərçivəsində məktəbin son bir il ərzində əldə etdiyi nailiyyətlər bir daha nümayiş etdirilib. Konsertdən əvvəl məktəbin “Xoreoqrafiya və Rəssamlıq” şöbələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub, həmçinin Azərbaycan və dünya xalqlarının rəqslərindən seçilmiş nümunələr təqdim edilib. Konsertin əsas hissəsində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə məktəbin istedadlı yetirmələri dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa ediblər. Orkestrə dirijor Mustafa Mehmandarov rəhbərlik edib".