BAKI, 10 iyun. TELEQRAF

“Yeniyetmələr arasında artıq çəki, piylənmə, qamət pozuntuları və görmə problemlərinin artması həkimlərimizi ciddi şəkildə narahat edir”.

Teleqraf xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin sektor müdiri Aynur Zeynalova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsi”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində bildirib.

O vurğulayıb ki, 44 ölkədə aparılan araşdırmaların nəticələrinə görə, hər beş yeniyetmədən biri sosial mediadan nəzarətsiz istifadə edir: "Yeniyetməlik dövrü bioloji və psixoloji inkişaf baxımından ən həssas mərhələlərdən biridir. Bu yaş dövründə sosial şəbəkələrdən istifadənin təsiri daha qabarıq şəkildə özünü göstərə bilər. Son illərdə aparılan tədqiqatlar sosial medianın həddindən artıq istifadəsi ilə depressiya, psixoloji problemlər, kibertəzyiq (kiberbullinq) və hətta özünəqəsd riskləri arasında əlaqə olduğunu ortaya qoyur. İnanıram ki, qanun layihəsi ilkin mərhələdə müəyyən çətinliklər yaratsa da, uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə və bu məsələlərə daha məsuliyyətli yanaşmasına kömək edəcək”.