BAKI, 10 iyun. TELEQRAF

İsrailin Qəzza zolağında hərbi əməliyyatları iki günlük dayandırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziya kanalı məlumat yayıb.

Qeyd olunur ki, atəşkəslə bağlı razılıq Qahirədə keçirilən Qəzza danışıqlarının sonuncu mərhələsi zamanı əldə edilib. Tərəflər anklavda atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Misir rəsmiləri və Fələstin fraksiyalarının nümayəndələri hələlik bu məlumatla bağlı şərh verməyiblər. Misir, Qətər, Türkiyə və Fələstin nümayəndələrinin iştirakı ilə Qahirədə 7 iyundan bəri məsləhətləşmələr davam edir.

9 oktyabr 2025-ci ildə İsrail və Fələstin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən atəşkəs sazişinin birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər.