BAKI, 11 iyun. TELEQRAF
ABŞ-nin Texas ştatının baş prokuroru Ken Pakston Beynəlxalq Futbol Federasiyasına (FİFA) qarşı araşdırmaya başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Texas Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Araşdırma FİFA-nın 2026-cı il dünya çempionatı oyunları üçün satılan biletlərlə bağlı azarkeşləri tribunadakı yerlərin yerləşməsi və keyfiyyəti barədə yanlış məlumatlandırdığı iddiaları əsasında aparılır.
Məlumata görə, çoxsaylı şikayətlərdə biletlər alındıqdan sonra stadionlarda sektor bölgüsünün dəyişdirildiyi və azarkeşlərin daha az əlverişli yerlərə köçürüldüyü qeyd olunur. Ştat rəsmiləri bu addımların istehlakçı hüquqlarının pozulması və hətta dələduzluq əlamətləri daşıya biləcəyini araşdırırlar.
Daha əvvəl Nyu-York və Nyu-Cersi ştatları da FİFA ilə bağlı oxşar araşdırmaya başlamışdı. Həmin araşdırmalar çərçivəsində biletlərin qiymətlərinin artırılması məsələsi də yoxlanılır.
FİFA prezidenti Canni İnfantino aprelin sonunda biletlərin qiymətlərinin yüksək olsa da, azarkeşlər üçün əlçatan olduğunu bildirmişdi.
2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.