BAKI, 10 iyun. TELEQRAF
“Qanun layihəsi əsasən kütləvi məzmun paylaşımı və geniş əlaqə imkanları yaradan sosial media platformalarını əhatə edir”.
Teleqraf xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İnzibati Xətalar Məcəlləsi”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihəsinin ictimai müzakirəsində bildirib.
Onun sözlərinə görə, qanun layihəsində bütün sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur:
“Burada yaş məhdudiyyəti tətbiq edilən sosial media platformaları anlayışı xüsusi yer alır. Müvafiq dövlət qurumları həmin siyahını formalaşdıracaq. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, eləcə də təhsil, səhiyyə və işgüzar fəaliyyətlərə çıxış məhdudlaşdırılmayacaq”.