
"Azərxalça" ASC-nin sədri Emin Məmmədov Qazax, Ağstafa, Tovuz və Şəmkir filiallarına səfər edib.
Cəmiyyətdən Teleqraf.com-a verilən məlumata görə, səfər filiallar və onların əməkdaşları ilə tanışlıq xarakteri daşıyıb.
Görüş zamanı emalatxanaların təsərrüfat vəziyyəti, istehsal prosesində yaranmış problemlər, filialların yay mövsümünə hazırlıq səviyyəsi, iş yerlərinin texniki vəziyyəti, xammal təchizatı kimi məsələlər müzakirə olunub.
Emin Məmmədov işçilərin nəzərinə mövcud istehsal prosesində aparılacaq əsaslı islahatları da çatdırıb. Daha sonra toxunma prosesində olan xalçaların keyfiyyətinə baxış keçirilib. Bütün əməkdaşların fərdi şəkildə istehsal prosesi ilə bağlı problemləri, tələb və təklifləri dinlənilib.
Əməkdaşlar ümumi tanışlıqdan razı qaldıqlarını və göstərilən bu diqqətin onlarda ruh yüksəkliyi yaratdığını və daha da əzmlə çalışmağa sövq etdiyini vurğulayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 18 mart 2021-ci ildə imzaladığı sərəncama əsasən, Emin Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Təyinatından sonra 2021-ci il aprelin 1-dən “Azərxalça”nın bütün emalatxanalarında istehsalat bərpa olunub.
Yeni sədr istehsalın da bərpa olunmasını nəzərə alaraq, “Azərxalça”nın bütün əməkdaşları, xüsusilə region filiallarının çalışanları ilə yaxından tanış olmağa və onların gələcək fəaliyyətlərində daha da məhsuldar olmaları üçün atıla biləcək addımları müəyyənləşdirmək üçün lazım olan tədbirləri görməyə böyük diqqət ayırır. Daha öncə Emin Məmmədov Kürdəmir, İsmayıllı, Qəbələ, Nardaran və Abşeron filiallarının əməkdaşları və fəaliyyətləri ilə də tanış olub.
Hazırda “Azərxalça” ASC-nin Füzuli rayonunun Horadiz şəhərində, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Lənkəran olmaqla ümumilikdə 21 filialı fəaliyyət göstərir.