
BAKI, 14 mart. TELEQRAF
"2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub".
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.
Baş nazir bildirib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib:
"2024-cü ildə orta pensiya məbləği 12% (494 manat), yaşa görə pensiya 11,3% (528 manata) artıb, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib (9,8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olmuşdur",- deyə Baş nazir bildirib.