BAKI, 14 mart. TELEQRAF

Nazirlər Kabinetində Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası müzakirə olunub.

Teleqraf xəbər verir ki, 13 mart tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların (qurumların) səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış İşçi qrupun iclası keçirilib.

Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası həyata keçiriləcək.

İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilən məsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararası əlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinq və qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədə məlumat verilib.

İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilən məsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilmiş əsas və digər icraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlar verilib.