
BAKI, 14 mart. TELEQRAF
Kərə yağı adı ilə satılan daha üç yağın tərkibində bitki yağı aşkarlandı.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı - "Natural" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı, "Tac" əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı, "Selskoe" əmtəə nişanlı 82,5% yağlılıqda duzsuz kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.